Dillərə dastan olan eşq hekayəsi - Azəri qızını Giyaya bağlayan nə oldu?
Bir sevgi tarixçəsi...
"Eşqsiz
olsaydı xilqətin canı, diriliк sarmazdı böyüк cahanı. Eşqsiz bir adam bir
neydir - qırıq, Yüz canı olsa da, ölüdür artıq." deyib dahi Nizami...Cabir
Novruz isə, yeri, göyü, asimanı məhəbbət yaratdığını deyirdi. Bu ilahi məvhum
hər kəsin həyatına bir cür təsir edir, xüsusən də yaradıcı
insanların. Məhəbbət, qəhrəmanımız Giya Paçxataşvilinin da həyatına təsirsiz
ötüşməyib. Azərbaycan poeziyasını o qədər sevirdi ki, elə ilk aşiq olduğu xanım
da azərbaycanlı oldu. Amma bu sevgi şairə baha başa gəlir. Giya ilə onun
haqqında danışmaq istəyəndə "gəl onun haqqında danışıb onu
şərəfləndirməyək" dedi şair. Şairin ikinci baharı Lamara olub. Lamara
sözün əsl mənasında Giyanın həyatında bir bahar olub. Anasından, əvvəlki
sevdiyindən görmədiyi məhəbbəti, isti münasibəti Lamarada tapdı şair. Lakin bu
xoşbəxtlik 18 il davam edib. Bəşəriyyətin bəlası olan xərçəng bu xoşbəxtliyə
son qoydu. Şair o günləri belə xatırlayır: "Çox pis vəziyyətdə idim. Onda
heç evim də yox idi. Mənim yerimdə başqa insan olsaydı yəqin ki,
"alkaş" olardı, ya da intihar edərdi. Dərdlə üzbəüz olan insanın
arqumenti də ola bilərdi. Lakin mən özümdə güc tapdım, qalib gəldim.
Özümü şeirlərə, tərcümələrə həsr etdim".
Givi
(dostları onu belə adlandırır) deyir Lamara onun hər uğuruna uşaq tək sevinərdi.
Məhz onun ruhu şad olsun deyə gecə-gündüz çalışan şair, Lamarasının öldüyü il,
yəni 2014-ci ildə xeyli sayda kitabı işıq üzü görür: "Mən fikirləşirdim
ki, mən özümü itirsəm, Lamaranın ruhu narahat olacaq. Mən məhz onun ruhu şad
olsun deyə özümü topladım, yaradıcılığımla məşğul oldum.Mənə dedilər axı sən bu
boyda dərd yaşamısan. Dedim bunların hamısı onun ruhunun şad olması üçündür.
Çünki, Givi ölsə Lamaranın ruhu da ölə bilərdi".
Şairin
ən böyük məhəbbəti doğulduğu Qaxadır. Lakin anası ondan imtina etdiyinə görə
doğma torpağından didərgin düşən şair özünü kökündən kəsilmiş ağaca bənzədir.
Givi deyir ki, onun Qax adlı məkanda vətəni də, evi də, torpağı da Lamaranın
qəbridir: "İnsan o zaman ölür ki, onun qəbri ziyarət olunmur. Xatirə
xanımla evləndikdən sonra onu və qaynatamı Lamaranın qəbri üstünə apardım.
Halbuki atası inciyə bilərədi. Mən bütün bunları göz önününə alaraq
onları Lamaranın qəbrini ziyarətə apardım. Mənim Qaxda 1 qarış da olsa
torpağım yoxdur. Çünki, anam vaxtı ilə məni atıb. Atılmış insanın da torpağı
olmur. Heç kimə bunu arzu eləmirəm. Qaxlı olasan, Qaxda qalmağa yerin olmaya.
Bu, kökündən kəsilmiş ağaca bənzəyir. Qaxı sevən, kökü kəsilmiş və Qaxa
boylana-boylana qalan qurumuş bir ağacam".
Şəkidən başlanan sevgiyə, Qəlbimə tuşlanan sevgiyə, Qız kimi
utanan sevgiyə "Hə" dedim...
Şairi
həyata bağlayan başqa bir səbəb də var - Xatirə! Xatirə xanımla tanışlığı onu
həyata bağladı. Dostunun təkidi ilə Şəkiyə gələn və Xatirə xanımla evliliyə
razı olan şair deyir ki, heç ağlına belə gəlməzdi ki, Lamaradan sonra kimisə
sevə bilər: "Evlənmək fikrim yox idi. Özümü ancaq yaradıcılığa həsr
etmişdim. Dostum Pünhan Şükür dedi ki, evlən. Mən istəmirdim. Bir təhər razı
saldı və Şəkiyə getdik. Xatirə ilk baxışdan mənə xoş təsir bağışladı və biz evləndik".
Şair həyatına rəng qatan bu qadına kitab da həsr edib: "8
Mart ərəfəsi idi. Dedim ona nə bağışlayım ki, unudulmaz olsun. Şairin də
ən böyük hədiyyəsi kitab olar da. Xatirəyə həsr etdiyim şeirlərdən ibarət
""Hə" dedim" adlı kitab çap etdirdim. Kitabımın üz
qabığının rəngi də onu ilk dəfə gördüyümdə geyindiyi paltarın rəngində
çap etdirdim".
Söhbətimizi Xatirə xanımla davam etdirdik. Qəribə burasındadır ki,
Xatirə və Lamara zahirən bir-birinə bənzəyir. Xatirə xanım bu fikrimizi
təsdiqlədi. Sən demə, başqa insanlar da onların bənzər olduqlarını bildiriblər.
Givi Xatirə xanımın ikinci baharıdır. Keçmiş həyat yoldaşı vəfat
etdikdən sonra uzun müddət özünə qapanan xanım, Givinin sayəsində həyata
yenidən bağlandı: "Həyat yoldaşım rəhmətə gedəndə 8 ayın gəlini idim.
Şəkidə tibb bacısı işləyirdim. Getdiyim iş idi, gəldiyim ev. Mənə dedilər ki,
facebook səhifəsi yarat, bir az başın qarışsın. Mən də razılaşdım. Çox böyük
stress keçirmişdim, istəmirdim həkimədə gedim. İstəmirdim o psixotrop
dərmanları qəbul edim. Həmişə şeirlər paylaşırdım. Həmin vaxt dostluğumda olan
Givinin dostu Pünhan Şükür dedi ki, gəl sən ailə qur. Dedim yox
istəmirəm. Həmin vaxt Lamara artıq rəhmətə getmişdi. Givini məsləhət gördü.
Dedi çox mədəni insandı, hələ sən gör o səni bəyənirmi?"
"Albinoslar haqqında eşitmişdim. Dedi fosfor adamdı, bir az
da yaş fərqimiz var idi. Pünhan Şükürlü dedi ki, heç o da razı deyildi, amma
şairə Qiymət Məhərrəmli ilə onu yola gətirmişik. Qiymət xanımla görüşdük,
mənə Givinin "Dərviş" kitabını verdi. Youtube-dan Givi haqqında olan
repotajları izlədim. Ailəmlə məsləhətləşdim, dedilər get ailəni qur, evdə nə
vaxta qədər oturacaqsan. Beləliklə, görüşə razı oldum "-deyə əlavə etdi.
Bu görüş hər ikisinin də həyatında dönüş nöqtəsi oldu. Xatirə xanımı buna görə qınayanlar da az olmayıb. Onu xristianla ailə qurduğuna görə qınaq obyektinə çevirdilər: "Məni çox qınadılar, amma mən qətiyyən peşman deyiləm. Şəkidə gəlin olduğum ailə olduqca mühafizəkar ailə idi. Amma Givi təbiətən azad insandır, bu da mənə müsbət təsir edib. Bakıya gələndən sonra əhatəm genişləndi, Givinin şair dostlarını tanıdım. Əvvəllər təkcə məktəb illərində tanıdığımız şairləri tanıyırdım. Givinin sayəsində hətta xarici yazarları da tanıdım".
Müsahibə
zamanı Xatirə xanım Lamaranı da xatırladı. Həmsöhbətimiz sevgi hissinin ona yad
olduğunu, Givinin Lamaraya olan məhəbbətinin ona qəribə gəldiyini söylədi:
"Təzə evləndiyimiz vaxtlar Givi tez-tez Lamaranı xatırlayardı. Mənə qəribə
gəlirdi bu hiss. Çünki, mən keçmiş həyat yoldaşımı sevməmişdim. Lamara və
Givinin Dato Kençiaşvilinin "Ramdeni Malodine" mahnısı
onların ortaq mahnısı olub. Givi o mahnını dinləyib ağlayanda mənə qəribə
gəlirdi".
Söhbətimizin
elə bu yerində Givinin kövrəldiyini gördük. Xatirə xanım: "Həmişə ondan
söhbət düşəndə uşaq kimi ağlayır. Sanki həmin an uşaqlaşır. Mən bir qadın kimi
xoşbəxtəm. Nə qədər qınasalar belə, mən xoşbəxtəm. Givi öz insani keyfiyyətləri
ilə məni özünə sevdirdi. Bütün ailələrə bu cür sevgi arzu edirəm".
Sputnik.az