Həftəsonu müştəri üzünə həsrət qalan taksilər - ARAŞDIRMA

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, karantin elan olunan şəhər və rayonlarda bu gün və sabah ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Bakı Metropoliteni də iyulun 20-nə kimi fəaliyyət göstərməyəcək. Fəaliyyətinə icazə verilən sahələrdə çalışanlar icaze.e-gov.az portalında qeydiyyata alınmaqla, digər şəxslər isə sms icazə ilə evdən çıxa bilərlər. Analitik.az-ın əməkdaşları həftəsonu şəhərdəki vəziyyətlə maraqlanıblar. İctimai nəqliyyatın işləməməsi səbəbindən küçələrdə insanların hərəkəti çox az idi. Rast gəldiklərimiz isə işə gedib-gəldiklərini deyirdilər. Şəhər sakini Elburus Əhədov deyir ki, işə şəxsi avtomobili ilə gedib:

 

"İşdən gəlirəm. Buradakı mağazaya ödənişə gəlmişdim, indi gedirəm evə. Mağazanın bağlı olduğunu bilmirdim. Həm özümün, həm də avtomobilin icazəsi var. Şəhərdə bir postda saxlayıb yoxladılar"

 

Həkim işləyən Kamran İsmayılov isə taksilərin yüksək qiymət deməsi səbəbindən piyada evə getməyə qərar verib:

“İşdən evə gedirəm. Gəldim buradakı taksilərin yanına. Buradan-bura, yaxın yerə 4 manat dedi, piyada gedirəm. İşdən icazəm var, həkiməm"

 

İşlədiyi yerin təşkil etidyi nəqliyyat vasitəsi ilə işə gedənlər də rast gəldik. Supermarketdə işləyən Kənan Abdullayev kimi.

"Supermarketlərdə işləyənlərin portaldan icazəsi var. İş günümüzdür bizim də. Şirkət taksiləri sifariş verərək gedib gəlirik. Pulu şirkət ödəyir"

 

Bu gün ictimai nəqliyyat fəaliyyət göstərməsə də, icazə portalında qeydiyyatdan keçən taksilər işləyir. Taksi sürücüsü Ramil İsmayılovun sözlərinə görə, ictimai nəqliyyat işləmədiyi üçün taksilərə tələbatın çox olacağı gözlənsə də, bunun əksi baş verib.

 

"Portaldan icazəylə işləyirik. Qoşulduğum şirkət keçirib. Bu gün müştəri çox azdır. Digər günlərdə bu proqramda günortaya kimi 100-200 müştəri olurdu. İndi isə baxın, cəmi 2 sifariş var. Şəffaf arakəsmə də sifariş vermişəm, tikirlər. Belə asırsan, düşür yerə, sallanır. Ona görə çıxarıb yenisini sifariş verdim"

 

Şəhərdəki taksilərin əksəriyyətində isə şəffaf arakəsmələr var. Lakin onlar da müştərinin olmamasından gileylənirlər. Sürücü Ağaqardaş Məmmədov deyir ki, yalnız üzvü olduğu taksi şirkətinin proqramı vasitəsi ilə 1-2 sifariş olur. Özü gəlib yaxınlaşan isə ümumiyyətlə yoxdur.

 

"Hazırda sifarişə işləyirik. Belə özü taksiyə əl eləməyə müştəri yoxdur. Qaydalara uyğun maşında arakəsmə də var, spirt də. Profilaktik tədbirlərlə bağlı lövhədə yerləşdirmişəm taksiyə"

 

Sərt karantin rejimi elan olunan şəhər və rayonlarda sabah və sonrakı 1 həftəsonu da ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

banner