Karantin qaydalarının pozulmasına görə cərimələr 2 qat artırılır

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr artırılır.

Analitik.az-ın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi yeni redaksiyada təklif olunur.

Beləliklə, hazırda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilibsə, layihədə fiziki şəxslərin iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilməsi təklif olunur. Vəzifəli şəxslərin min beş yüz manatdan iki min manatadək deyil, 3 min manatdan 4 min manatadək məbləğdə cərimələnməsi təklif olunur.

Hazıra işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Layihədə işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunması qüvvədə saxlanır, hüquqi şəxslərin 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilməsi təklif olunur.

Layihə Milli Məclisin iyunun 29-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.

banner