Samuxda yeni xəstəxana və məktəb tikiləcək, yol çəkiləcək - SƏRƏNCAMLAR

Prezident İlham Əliyev Samux Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Analitik.az xəbər verir ki, sərəncama əsasən, Samux Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.7-ci yarımbəndində göstərilmiş 2,0 (iki) milyon manat Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayrılıb.

Dövlət başçısı Samux rayonunun Çobanabdallı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında da Sərəncam imzalayıb.

Sərəncama əsasən Samux rayonunun Çobanabdallı kəndində 624 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.

Prezident İlham Əliyev Samux rayonunun Yenikənd–Poylu–Salahlı–Qarabağlı–Kəsəmən avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında da sərəncam imzalayıb.

Sərəncama əsasən, beş min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Yenikənd–Poylu–Salahlı–Qarabağlı–Kəsəmən avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 19,1 milyon (on doqquz milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

banner