Aqrar sahədə çalışanlar necə fəaliyyət göstərəcək? - AÇIQLAMA

Nazirlər Kabinetinin qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində aqrar sahədə çalışan şəxslər qarşıdakı iki həftə ərzində müvafiq qurumlardan icazə almaqla öz fəaliyyətlərini davam etdirə bilərlər.

Analitik.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru qeyd edib ki, Nazirlər Kabinetinin son qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək sərtləşdiriləcək. Qərara əsasən, həmin şəhər və rayonlarda iki həftəlik sərt karantin rejimi dövründə kənd təsərrüfatı məhsullarının toplanması, habelə növbəli suvarma, təxirəsalınmaz baytarlıq və bitki mühafizə xidməti sahələrində fəaliyyət göstərən hüquqi şəxslərin əməkdaşlarının fəaliyyətinə onlar barədə məlumatlar işəgötürən tərəfindən, həmin sahələrdə fəaliyyət göstərən fiziki şəxslərin hərəkətinə isə onlar barəsində məlumatlar Kənd Təsərrüfatı Nazirliyi və ya olduğu yer üzrə yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəlikləri tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir. Burada hərəkət dedikdə, həm sahədə əkin-biçinlə, meyvə-tərəvəz yığımı ilə məşğul olmaq, həm də kənd təsərrüfatı məhsullarının adıçəkilən şəhər və rayonların bazarlarına daşınması nəzərdə tutulur.

“Bir sözlə, fermerlərin təsərrüfat fəaliyyəti ilə məşğul olması, əkin aparması, məhsul yığımı məhdudlaşdırılmır. Fermerlər təsərrüfat fəaliyyətlərini karantin rejiminin qaydalarına uyğun olaraq, müvafiq gigiyenik normalara, dezinfeksiya şərtlərinə, ara məsafənin saxlanması tələbinə və əməyin təhlükəsizliyi qaydalarına uyğun olaraq həyata keçirirlər. Bu proses, həmçinin yerli icra hakimiyyəti orqanları ilə koordinasiya edilməklə gerçəkləşdirilir. Bu baxımdan fermerlərin fəaliyyətinin karantin şərtlərinə uyğun davam etdirməsində, aqrotexniki qulluq qaydalarına riayət etməsində problem yoxdur”, - deyə F.Fikrətzadə əlavə edib.

banner